Bu gün həyatımızı müasir texnologiyalarsız təsəvvür etmək çətindir. Gün ərzində, artıq hər yerdə işimizi, güzəranımızı asanlaşdıran müxtəlif cihazlardan istifadə edirik. Lakin eyni zamanda istifadə etdiyimiz texnologiya məhsullarının bir çoxu cəmiyyətə mənfi təsir göstərir, ətraf mühitin çirklənməsinə, küçələrdə tıxacların, sıxlığın yaranmasına gətirib çıxardır, başqa arzuedilməz halları meydana gətirir. Bu baxımdan yeni texnologiyaların tətbiqi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bunu xüsusilə «Ağıllı şəhər» layihələri təmin edə bilər.
«Ağıllı Şəhər» nədir? «Ağıllı Şəhər»in infrastrukturu yüksək texnologiyalar əsasında qurulur. Burada enerji resurslarından daha səmərəli istifadə olunur, proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. «Ağıllı Şəhər»in «ağıllı» kommunal xüdmətlər şəbəkələri, habelə «ağıllı nəqliyyat sistemi», hətta «ağıllı evlər»i də mövcuddur.